37

1 And olsun göylərdə və yerdə səf-səf duranlara,
2 imansızları qətiyyətlə qovanlara
3 və Zikri oxuyanlara!
4 Həqiqətən, sizin məbudunuz Təkdir!
5 O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
6 Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
7 və onu hər bir asi şeytandan mühafizə etdik.
8 Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
9 və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
10 Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
11 Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
12 Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
13 Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
14 Bir möcüzə gördükdə isə ona istehza edir
15 və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
16 Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
17 Ya da atalarımızmı dirildiləcəklər?”
18 De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”.
19 Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.
20 Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
21 Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
22 Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
23 Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
24 Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
25 Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
26 Bəli, onlar bu gün baş əyəcəklər!
27 Onlar bir-birinə üz tutub soruşacaqlar.
28 Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
29 Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
30 Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
31 Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.
32 Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
33 Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
34 Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
35 Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!” – deyildikdə təkəbbür göstərir
36 və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
37 Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi.
38 Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
39 Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
40 Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar.
41 Məhz onlar üçün müəyyən bir ruzi vardır –
42 Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
43 Nəim bağlarında.
44 Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.
45 Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.
46 Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.
47 O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.
48 Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır.
49 Özü də qorunub saxlanılmış yumurta kimi hurilər.
50 Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
51 Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
52 O deyirdi: “Sən də inananlardansan?
53 Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
54 O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”
55 O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək
56 və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
57 Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım.
58 Doğrudanmı biz bir daha ölməyəcəyik –
59 ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
60 Həqiqətən, bu, böyük uğurdur.
61 Qoy çalışanlar bunun üçün çalışsınlar!
62 Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?
63 Biz onu zalımlar üçün bir sınaq etdik.
64 O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
65 Onun meyvəsi şeytanların başları kimidir.
66 Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar.
67 Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
68 Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
69 Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
70 özləri də tez-tələsik onların izini tutub getdilər.
71 Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
72 Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik.
73 Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
74 Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
75 Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!
76 Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
77 Təkcə onun nəslini qoruyub saxladıq.
78 Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;
79 aləmlər içərisində Nuha salam olsun!
80 Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
81 Həqiqətən, o Bizim mömin qullarımızdandır.
82 Sonra o birilərini suya qərq etdik.
83 Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
84 Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
85 Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
86 Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?
87 Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
88 O, ulduzlara bir nəzər salaraq
89 “Mən xəstəyəm!” – dedi.
90 Onlar ondan üz çevirib çıxıb getdilər.
91 O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?
92 Sizə nə olub ki, danışmırsınız?”
93 Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
94 Bütpərəstlər tələsik onun yanına gəldilər.
95 O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
96 Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
97 Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
98 Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
99 O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
100 O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”
101 Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
102 O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.
103 Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman
104 Biz onu çağırıb dedik: “Ey İbrahim!
105 Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
106 Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
107 Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
108 Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
109 İbrahimə salam olsun!
110 Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
111 Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
112 Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
113 Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
114 Biz Musa ilə Haruna da nemət bəxş etdik.
115 Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
116 Onlara kömək göstərdik və qalib gəldilər.
117 Hər ikisinə aydın bir Kitab verdik.
118 Hər ikisini də doğru yola yönəltdik.
119 Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq.
120 Musaya və Haruna salam olsun!
121 Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
122 Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
123 Şübhəsiz ki, İlyas da elçilərdəndir.
124 Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
125 Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
126 həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”
127 Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir.
128 Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
129 Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
130 İlyasinə salam olsun!
131 Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
132 Həqiqətən, o Bizim mömin qullarımızdandır.
133 Şübhəsiz ki, Lut da elçilərdəndir.
134 Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
135 Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
136 Sonra da o birilərini yerli-dibli yox etdik.
137 Siz həm səhər çağı onların yanından keçirsiniz,
138 həm də axşam çağı. Məgər anlamırsınız?
139 Yunus da, həqiqətən, elçilərdəndir.
140 Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
141 Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
142 O, qınanmağa layiq olduqda balıq onu uddu.
143 Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
144 balığın qarnında Qiyamət gününə qədər qalardı.
145 O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.
146 Onun başı üstündə balqabaq tağı bitirdik.
147 Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik.
148 Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
149 Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
150 Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?
151 Həqiqətən, onlar yalan uydurub deyirlər:
152 “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
153 Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?
154 Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
155 Məgər düşünüb ibrət almayacaqsınız?
156 Yoxsa sizin aydın bir dəliliniz vardır?
157 Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
158 Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.
159 Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
160 Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
161 Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız
162 heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz;
163 ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
164 Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
165 Həqiqətən, biz səf-səf dururuq.
166 Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”.
167 Müşriklər deyirdilər:
168 “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,
169 biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”.
170 Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
171 Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
172 “Həqiqətən, onlara kömək göstəriləcəkdir.
173 Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.
174 Sən bir müddət onlardan üz çevir!
175 Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
176 Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
177 Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!
178 Sən bir müddət onlardan üz çevir!
179 Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
180 Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır.
181 Elçilərə salam olsun!
182 Aləmlərin Rəbbi olan Allaha həmd olsun!