82

1 Göy parçalanacağı zaman,
2 ulduzlar səpələnəcəyi zaman,
3 dənizlər daşıb bir-birinə qarışacağı zaman,
4 qəbirlər çevriləcəyi zaman,
5 hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
6 Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
7 O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
8 Səni istədiyi şəklə saldı.
9 Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!
10 Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –
11 çox möhtərəm, əməllərinizi yazanlar.
12 Onlar sizin nə etdiklərinizi bilirlər.
13 Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.
14 Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
15 Onlar ora Haqq-hesab günü girəcəklər.
16 Onlar əsla ondan yayına bilməyəcəklər.
17 Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
18 Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
19 O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!