84

1 Göy yarılacağı
2 və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
3 Yer dümdüz ediləcəyi,
4 içindəkiləri kənara atıb boşalacağı
5 və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
6 Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
7 Kimin kitabı sağ əlinə veriləcəksə,
8 o, yüngül sorğu-suala tutulacaq
9 və sevincək öz ailəsinə qayıdacaqdır!
10 Kimin kitabı arxa tərəfindən veriləcəksə,
11 o özünə ölüm diləyəcək
12 və alovlu oda atılacaqdır!
13 Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi
14 və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.
15 Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
16 And içirəm şəfəqə,
17 gecəyə və onun ağuşuna aldıqlarına,
18 bədirlənmiş on dörd gecəlik aya!
19 Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.
20 Onlara nə olub ki, iman gətirmirlər
21 və onlara Quran oxunduqda səcdə etmirlər?
22 Əksinə, küfr edənlər haqqı yalan sayırlar.
23 Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!
24 Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,
25 iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.