89

1 And olsun dan yerinə!
2 And olsun on gecəyə!
3 And olsun cütə və təkə!
4 And olsun keçib getməkdə olan gecəyə!
5 Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
6 Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,
7 sütunlar sahibi İrəm qəbiləsinə –
8 halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
9 Habelə vadidə qayaları yonan Səmud qövmünə?
10 Eləcə də sütunlar sahibi Firona?
11 Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
12 çoxlu fitnə-fəsad törətmişdilər.
13 Rəbbin də onları əzabla qamçıladı.
14 Həqiqətən, sənin Rəbbin nəzarət edir.
15 İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər.
16 Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər.
17 Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
18 kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
19 mirası hərisliklə yeyirsiniz,
20 var-dövləti də hərisliklə sevirsiniz.
21 Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
22 sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
23 və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?
24 O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir.
25 O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
26 və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
27 O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!
28 Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
29 Mənim qullarımın cərgəsinə keç!
30 Cənnətimə daxil ol!